
Qazaxıstanın Almatı şəhərində AİBA Pro Boxing (APB) yarışlarının püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, tədbirə AİBA prezidenti Çinq Kuo Vu, Qazaxıstan Boks Federasiyasının prezidenti Timur Kulibayev, ölkənin idman və mədəniyyət naziri Aristanbek Muhammeduli və digər şəxslər qatılıb.
Hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Reytinqə əsasən, hər çəkidə iki idmançı "səpələnməmişlər” sırasında yer alıb. Azərbaycan milli komandasının üzvlərindən 2 qat dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq) reytinqdə 1-ci, dünya çempionu Cavid Çələbiyev (56 kq) isə 2-ci olub. APB-də ilk döyüşlər oktyabrın 24-də keçiriləcək.
Məcidovun ilk rəqibi rumıniyalı Mihay Nistor olacaq. Nistor da WSB Liqasında çıxış edir, amma hələ ki Məcidovla qarşılaşmayıb. Çələbiyevin ilk rəqibi isə 28 yaşlı yaponiyalı Satoşi Şimizu olacaq. Şimizu London olimpiadasının bürünc mükafatçısıdır. Fariz Məmmədovun (69 kq) da püşk sarıdan bəxtinin gətirmədiyini demək olar. Həmyerlimiz ilk görüşdə rusiyalı Andrey Zamkovoyla üz-üzə gələcək. Zamkovoy London olimpiadasında bürünc medal qazanmaqla yanaşı, 2009-cu ilin dünya çempionatında 2-ci olub.