Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında ukraynalı cüdoçu Darya Beloded yenidən qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində yer alan 18 yaşlı idmançı buna ardıcıl ikinci dəfə nail olub. O, ilk dünya çempionluğunu ötən il Bakıda əldə etmişdi.
Titulları ilə yanaşı, gözəlliyi ilə də özünə xeyli pərəstişkar qazanan Beloded tanınmış ukraynalı cüdoçu və samboçu, dünya və Avropa çempionatlarının mükafatçısı Gennadi Belodedin ailəsində doğulub. Valideynləri əvvəlcə onun xalça üzərinə çıxmasına qarşı olublar. Yalnız rəqs və gimnastika ilə məşğuliyyəti səmərəli olmadıqdan sonra Darya cüdoya keçib. Valideynləri isə onun şəxsi məşqçiləri olublar.
Beloded Ukraynanın əsas yığmasına gənclər arasında dünya çempionu olduqdan sonra - 16 yaşında yüksəlib. 2017-ci ildə o, özünün ilk Avropa çempionatında rusiyalı İrina Dolqovanı 48 kq çəki dərəcəsi üzrə final görüşündə yenərək, ilk ciddi titulunu qazanıb.
2018-ci ildə isə ukraynalı cüdoçu Bakıdakı mundialın finalında yaponiyalı Funa Tanakini vaxtından əvvəl yenərək, dünya çempionatları tarixində ən gənc - 17 yaş 11 ayında qızıl medala yiyələnib. Maraqlıdır ki, onun çempionluğuna çənəsinin sınması kömək edib. Darya bu zədəni ötənilki Avropa çempionatından əvvəl alarkən, titulu qoruya bilməməsindən çox pərişan olub. Lakin fasilə dövrü ona hazırlıq planını düzgün qurmaqda yardım edib. Beloded Bakıya formasının pikində gəlib və "cüdonun şahzadəsi" adını "kraliça" ləqəbinə dəyişib.
O, bütün yarışlara valideynləri ilə gedir və çıxışlarından əvvəl həmişə ata-anasını öpür. Cüdoçu bu öpüşlərin ona uğur gətirdiyinə əmindir. Anasını isə özünə "şəxsi talisman" sayır.
Yəqin ki, Beloded 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal arzulayır. İdmançı karyerasını başa vurduqdan sonra isə istəyi jurnalist olmaqdır. Model karyerası barədə isə düşünmədiyini etiraf edib. Hələliksə karyerasında ilk planda yalnız idmandır.