
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.
100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada Cənubi Koreya təmsilçisi Ço Quhama uduzan Kotsoyev gümüş medala sahib olub.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan Uşangi Kokauri isə bürünc medal uğrunda görüşə çıxıb. Ukraynalı Aleksandr Qordiyenko ilə üz-üzə gələn Kokauri qələbə qazanaraq, bürünc medala layiq görülüb.
Beləliklə Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 3 medalla başa vurublar. Nüfuzlu yarışın ilk günündə Orxan Səfərov 66 kq çəkidə gümüş medala sahib olmuşdu.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb.