Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan qadın güləşçisi Mariya Stadnik (50 kq) Bakıya qayıdıb.
Sportnet.az xəbər verir ki, 8-ci dəfə Avropa çempionu olan 33 yaşlı pəhləvanı Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıb.
Millinin baş məşqçisi Aslan Ağayev Stadnikin uzun müddətdir yarışlara qatıla bilməməsinə rəğmən, azarkeşləri sevindirdiyini vurğulayıb: “Mariya iki ilə yaxındır ki, heç bir yarışda iştirak etməmişdi. Azərbaycan Güləş Federasiyasının dəstəyi sayəsində bir neçə təlim-məşq toplanışı keçdik. Sonuncu toplanışda ABŞ-dan dəvət olunmuş fiziki hazırlıq üzrə mütəxəssis (Mark Alan Filippi) bizə çox kömək oldu. Mariya 8-ci dəfə Avropa çempionluğunu qazandı və Azərbaycana həmişəki kimi, qızıl medalla qayıtdı. Bizi, xalqımızı, azarkeşləri sevindirdi”.
Öz növbəsində titullu güləşçi Azərbaycanda yaxşı hazırlıq keçdiklərini bildirib: "Avropa çempionatı ərəfəsində iki təlim-məşq toplanışımız oldu. Bu yarış Olimpiada öncəsi gücümü yoxlamaq üçün lazım idi. Təki bu dəfə Olimpiya Oyunları baş tutsun. İstənilən medalın insana bəxş etdiyi hisslər var. Ona görə də hər medal dəyərlidir. Uzun fasilədən sonra güləşmək bir qədər çətin idi. Yarışlar yox idi deyə narahatlıq keçirirdim. Olimpiadanı bir il təxirə saldılar. Hətta Avropa çempionatının keçirilməsi də sual altında idi. Tribunalara azarkeşlər buraxılmadı. Yarışa gəlirsən, güləşməyə bilərsən. Çünki səndən götürülən test pozitiv çıxa bilər. Qəribə vəziyyət yaranıb".
Stadnik gələcək planlarından da danışıb: "Bundan sonrakı plan Olimpiadaya hazırlıq xarakterli təlim-məşq toplanışlarında iştirak etməkdir. Həmçinin digər yığma üzvləri sonuncu lisenziya turnirində çıxış edəcək. Daha sonra dağlıq ərazidə fiziki hazırlıq üzrə toplanışımız olacaq. Uzunmüddətli plan qurmaq olmur. Çünki pandemiya ilə əlaqədar vəziyyət tez-tez dəyişə, karantin sərtləşdirilə bilər.Olimpiadadan sonra karyeramı bitirib-bitirməyəcəyimi deyə bilmərəm. Hələ ki, diqqətimi Olimpiya Oyunlarına yönəltmişəm. Sonrasına baxarıq. Yaşayarıq, görərik".
Sonda təcrübəli güləşçi ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: "Zala azarkeşləri buraxmasalar da, dəstəyi hiss edirdim. Çoxlu təbrik mesajları aldım. Şadam ki, qələbəmlə insanları sevindirə bildim”.