“Avropa çempionatında 3 görüş keçirdim. Üçü də mənim üçün ağır keçdi. Bunun da səbəbi iki ilə yaxın yarışlarda iştirak etməməyim idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi Zaur İsmayılov federasiyanın rəsmi saytına açıqlamasında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatındakı çıxışı barədə danışarkən deyib.
55 kq çəki dərəcəsində qızıl medal qazanan idmançı görüşlərin ağır keçdiyini bildirib: "Əvvəlcə Rumıniya güləşçisiylə qarşılaşdım. İlk görüş hər zaman çətin olur. Yarımfinalda Rusiya təmsilçisiylə üz-üzə gəldim. Ona da çətinliklə də olsa, qalib gələrək finala yüksəldim. Türkiyə güləşçisi də güclü rəqib idi. Final gərgin mübarizə şəraitində keçdi. Allaha şükürlər olsun ki, ona da qalib gələ bildim. Çalışacam ki, belə qələbələrin davamı gəlsin".
İsmayılov qızıl medalı daim yanında olan ailəsinə hədiyyə etdiyini söyləyib: "Mənə dəstək olan hər kəsə minnətdaram. Allah razı olsun. Dualarını əsirgəməsinlər. Hələ ki karyeramı 55 kq-da davam etdirməyi düşünürəm. Növbəti olimpiada ərəfəsində 60 kq-a keçməyi planlaşdırıram".