"Təxminən bir ay belimdəki zədəmlə bağlı məşq edə bilmədim. Hətta dünya çempionatında güləşməmək ehtimalı var idi. Çünki ciddi zədə idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Norveçin paytaxtı Oslodakı dünya çempionatında gümüş medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
77 kq çəki dərəcəsində çıxış edən idmançı müalicəsini davam etdirməklə yanaşı, təlim-məşq toplanışında da iştirak etdiyini xatırladıb: "Hazırlıq prosesində sparrinqlər əsasən yüngül çəkili güləşçilər oldu. Dünya çempionatında finaladək ən çox çətinlik çəkdiyim qarşılaşma yarımfinal görüşüm oldu. Hesabda 5:0 öndə idim. Səhv üzündən hesab 5:4 oldu.
Süleymanov yarışa gedəndə formada olmadığımı düşünüb: "Ancaq mübarizəyə başladıqdan sonra çempion ola biləcəyimi anladım. Finalda 1:2 hesabıyla məğlub oldum. Nəsə çatmadı. Buna da şükür. Dünya çempionatında ilk medalımı qazandım. Ancaq qızıl olsaydı, daha yaxşı olardı. Əvvəllər parterdə xal almağa çətinlik çəkirdim. Son 1 ildə bunun üstündə çox işləyirəm. Bu yarışda da əksər xallarımı parterdən qazandım. Bu da həmin məşqlərin bəhrəsidir”.