Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher yetkinlik yaşına çatmayan bir neçə qızı zorlamada ittiham olunur. Sportnet.az "apasport.az"a istinadən xəbər verir ki, bu barədə Vyana prokurorunun sözcusu Nina Bussak açıqlama verib.
O bildirib ki, bu, tam təsdiqini tapmasa da, hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Bussakın sözlərinə görə, istintaq hələ yığmamızın sabiq çalışdırıcısını dindirməyib: "Onunla bağlı müəyyən şübhələrimiz var. Bu işlə bağlı bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək”.
Bu arada Avstriya mətbuatı 2 qat Olimpiya çempionunun 2000-ci ilin əvvəllərində Vyana klublarının birinə rəhbərlik etdiyi vaxtda qanun pozuntularına yol verməkdə şübhəli sayır.
Qeyd edək ki, hazırda Kaliforniyada işləyən 54 yaşlı Zayzenbaher 2012-ci ilin sonlarından 2013-cü ilin sonlarınadək millimizə rəhbərlik edib.