Boks üzrə Fransanın böyüklərdən ibarət milli komandası Avropa oyunlarına hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olub. Sportnet-ın məlumatına görə, fevralın 28-dən start götürən toplanışda 9 boksçu iştirak edib.
Onların arasında 2010-cu ildə Yeniyetmələrin Olimpiya oyunlarının qalibi olmuş Toni Yoka, Mişel Tavares, 2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Abdel Malik Ladjali kimi tanınmış idmançılar var.
Yoka bir müddət əvvəl paytaxtımızda keçirilən AİBA Pro Boxing turnirində də mübarizə aparıb.
Azərbaycan milli komandasında isə "Baku Fires” klubunun düşərgəsində olan boksçulardan başqa digər bütün idmançılar birgə təlim-məşq toplanışında iştirak ediblər. Seçmə komandamızın liderləri Məhəmmədrəsul Məcidov, Teymur Məmmədov kimi boksçular da bu hazırlığa qatılıblar.
Qeyd edək ki, toplanış martın 8-də başa çatıb.