Aprelin 2-də “Vətən Müharibəsi şəhidlərini tanıyaq və tanıdaq” layihəsi çərçivəsində II Qarabağ müharibəsində şəhid olmuş Xaliddin Veyslinin xatirəsinə həsr olunmuş güləşin yunan-Roma növü üzrə 2008 - 2010 və 2011 - 2014 təvəllüdlü idmançılar arasında yarış keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışın əsas təşəbbüskarı “Fəqan" İdman Klubunun rəhbəri Sücayət Nağdalıyev olub.
Qeyd edək ki, şəhid Xaliddin Veysli də bu klubun yetirməsi olub.
Turnir şəhidlərin tanıdılması ilə yanaşı, həm də yunan-Roma güləşinin təbliği və kütləviliyi üçün də nəzərdə tutulub.
Yarışda Qazax, Yevlax, Göyçay, Şəmkir, Goranboy və Mingəçeviri təmsil edən 9 komanda 150-yə qədər idmançı ilə iştirak edib.
İdman turnirində Qazax RİH, Təhsil Şöbəsi, Uşaq-Gənlər İdman Mərkəzi nümayəndələri ilə yanaşı “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Qazax rayon filialını nümayəndələri də sədr Seyfəddin Məmmədovun başçılığı ilə qonaq qismində iştirak ediblər.
Yarışdan əvvəl Qazaxda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş abidə memorial kompleksi və Xaliddin Veyslinin məzarı şəhidimizin atası Zərgər Veyslinin iştirakı ilə ziyarət olunub.
Yarış 20, 23, 26, 29, 32, 35, 38, 41, 45, 48, 52, 57, 68 və 75 kq çəki dərəcələri üzrə keçirilib.
“Fəqan" idmançıları turnirdə xüsusi fəallıqları ilə fərqləniblər. 2008 - 2010 yaş qrupu üzrə Yaqub Qocalı 75 kq, Rəsul Məmmədov 68 kq, 2001-2014 yaş qrupu üzrə Elgün Məmmədov 41 kq və 2010- 2014 yaş qrupu üzrə Amin Yusubov 23 kq çəki dərəcəsində turnirin qalibi olublar.
2008 - 2010 yaş qrupu üzrə 38 kq çəki dərəcəsində Raul Məmmədov, 2010- 2014 yaş qrupu üzrə 41 kq çəki dərəcəsində Kamran Məmmədov, 2011 - 2014 yaş qrupu üzrə Həsən Bayramlı və həmin yaş qrupu üzrə 23 kq çəki dərəcəsində Gürgan Həsənli ikinci yeri tutublar.
Klubun idmançılarından iki nəfər isə üçüncü pilləni qazanıb. 2008-2010 yaş qrupu üzrə 35 kq çəki dərəcəsində Razim İsmayılov və həmin yaş qrupu üzrə 38 kq çəki dərəcəsində Murad Qəribov III yerlə kifayətlənməli olublar.