"Rəqibimə hörmətlə yanaşıram. Mən peşəkaram".
Sportnet.az-ın məlumatına görə, bunu azərbaycanlı kikboksçu Zabit Səmədovun rəqibi olan braziliyalı Antonio Silva deyib.
O, son 7 döyüşündə uduzması ilə bağlı verilən suala belə cavab verib: "Həqiqətən bu suala cavab vermək çətindir. Sonuncu döyüşüm Oleq Popova qarşı olub. O da "Glory" döyüşçüsü idi".
42 yaşlı "Yekəayaq" ləqəbli braziliyalı idmançı bildirib ki, maraqlı döyüş olacaq: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi mənim üçün fəxrdir. Bilirəm ki, o, Azərbaycanda kifayət qədər populyardır. Onun burada kifayət qədər dəstəkçisi olacaq. Burada sakit danışmağımıza baxmayın. Sentyabrın 10-da ağır döyüş olacaq".
Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək. Bu, Zabit Səmədovun son döyüşü olacaq.