Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, İtaliyanın Riççione şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında milli komandanın 14 kişi və 2 qadın üzvü iştirak edir.
Sentyabrın 16-dək davam edəcək hazırlıq prosesinə 34 ölkədən 281 idmançı qatılıb. Təlimlərdə idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Cüdoçulara böyük performans analitik Zaur Babayev, yığmanın baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev, həmçinin qadınlardan ibarət millinin sükanı arxasında olan Rəşad Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda keçiriləcək.