"Yarışa ciddi hazırlaşmışdım. Finaladək bütün görüşlərdə tam üstünlüklə qalib gəldim".
Bunu Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.
60 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan idmançı finalda uduzduğu polşalı Ksaveri İqnasyaka fənd tətbiq etdiyini, lakin hakimlərin hansoku (diskvalifikasiya) qərarı verdiyini bildirib: "Bu səbəbdən gümüş medalla kifayətləndim. Fikrimcə, orada hansoku yox idi. Təmiz qələbə qazanmışdım".
Praqaya ikinci dəfə qitə çempionatının qızıl medalını qazanmaq üçün gəldiyini deyən Bayramov məyusluğunu gizlətməyib: "Amma qismət olmadı. İnanıram ki, böyüklər arasında Avropa çempionu olacağam. Gənclərdə sonuncu ilim idi".
O, 6 - 13 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini söyləyib: "World Masters"də, gələn ildəki yarışlarda öz sözümü deyəcəyəm".
Cüdoçu medalı son günlər Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinə həsr etdiyini vurğulayıb: "Ruhları şad olsun. İstərdim ki, medalın əyarı qızıl olsun, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirim. Qismət belə imiş".