Qusar Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə 20 yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə xatirə turniri keçirilib.
Sportnet.az-ın məlumatına görə, yarışda Qusar Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Respublika Olimpiya İdman Liseyinin və Qubanı təmsil edən komandanın 50-dək güləşçisi mübarizə aparıb.
Açılış mərasimində Qusar Olimpiya İdman Kompleksinin direktoru Elşən Məmmədov çıxış edərək 20 yanvar, eləcə də ölkəmizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin hər zaman ən böyük hörmət və ehtiramla anılıdıqlarını diqqətə çatdırıb.
Bir dəqiqəlik sükutun ardından Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon şöbəsinin sədri Canəli Hörmətov yarışı açıq elan edib.
Daha sonra turnir start götürüb. 2010-2011, 2012-2013, 2014-2015 və 2016-2017-ci il təvəllüdlü oğlanların mübarizəsində ayrı-ayrı çəki dərəcələrində və komanda hesabında ilk üç yeri tutan güləşçilər medal və diplomlarla təltif olunublar.