
IJF-nin rəsmi saytı yeni ildə ilk yazısını dünya reytinqinin liderlərinə həsr edib.
Sportnet.az xəbər verir ki, portal Azərbaycan milli komandasının cüdoçusu Hidayət Heydərovun (73 kq) da uğurlarına yer ayırıb.
Bildirilib ki, xalçaya parlaqlıq və həyəcan gətirən üçqat Avropa çempionu gələcək nəsil üçün ilham mənbəyidir.
Superulduz kimi xarakterizə edilən azərbaycanlı haqqında vurğulanıb ki, o, reytinqdə ilk pilləni müəyyən müddətdir qoruyur: "Heydərov ötən il dünya çempionatında medal qazana bilməsə də, Avropa çempionu, Tokiodakı "Böyük Dəbilqə"nin qalibi olub. O, doğma Bakıda yerli azarkeşlərlə yanaşı, dünya cüdo həvəskarları tərəfindən də sevilir".
Portal Hidayətin ən yaxın rəqiblərini də qeyd edib: "73 kq-da birinci yerdə olan azərbaycanlıdan sonra yaponiyalı Soiçi Haşimoto, özbəkistanlı Murodjon Yuldaşev və gürcü Laşa Şavdatuaşvili gəlir".
Sonrakı pillələrdə isə dünya çempionu Nils Stamp, italiyalı Manuel Lombardo, Olimpiya mükafatçıları Daniel Karqnin və Tsoqbatara Tsend-Oçiri göstərilib.