
Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Anderlext" (Belçika) qarşılaşmasına biletlərin satışına başlanılıb. Sportnet.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, bilet satışının ilk günü olmasına baxmaraq, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündə azarkeş növbələri yaranıb.
Azarkeşlərin hər biri bilet satışından razıdır və onlar kassaya sıra ilə yaxınlaşaraq biletini alır.
"Qarabağ" rəhbərliyi bu oyundan etibarən kassada xanım satıcıların köməyindən istifadə edərək daha bir ilkə imza atıb. Kassa önündə nizam-intizamı artıran klub bu addımın uğurlu olduğunu bildirib. Eyni zamanda azarkeşlərin sıraya girmədən öncə istədiyi biletin qiymətini və sektorunu rahatlıqla tapa bilməsi üçün stadionun böyük sektor xəritəsi kassa yanında quraşdırılıb. Bütün kassaların fəaliyyət göstərməsi kassa önündə sıxlığın yaranmasının qarşını alıb.
Azarkeşlərin oyuna olan böyük marağı nəzərə alınaraq, kassada gücləndirilmiş iş rejiminə keçilib. "Qarabağ" tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib, eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir, azarkeşlərin sıra ilə bilet almasını təmin edir.
"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: "Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız".
Qeyd edək ki, oktyabrın 1-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlanacaq.