
"Avropa Liqasındakı oyunları "Qəbələ"nin ölkə çempionatı matçlarına təsir göstərmir. Sadəcə Qəbələyə gələndə komandalar çox qapalı oyun sərgiləyir, hər matçda demək olar ki, təkqapı oynayırıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri noyabrın 9-da keçirilmiş Azərbaycan Premyer Liqası matçında "İnter"lə 1:1 hesablı heç-heçədən sonra "Qəbələ"nin futbolçusu Samir Zərgərov jurnalistlərə açıqlamasında deyib.
O, komandanın son uğursuzluqları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Yerli klublar "Qarabağ"a qarşı da eyni müqaviməti göstərir, belə anlaşılır ki, siz "Qarabağ"dan zəifsiniz...
- Xeyr, zəif deməzdim, biz heç bir komandadan zəif deyilik. Yaranan fürsətlərdən maksimum yararlana bilmirik. "İnter"lə qarşılaşmada da 1:0-dan sonra bir neçə epizodumuz oldu, vursaydıq, belə nəticə alınmazdı...
- Roman Qriqorçukun Ukrayna millisinə getmə məsələsi gündəmə gələndən, "Qələbə" artıq əvvəlki nəticələri nümayiş etdirə bilmir...
- Bunu biz mətbuatdan oxuyuruq. Lakin inanın ki, klubda belə bir söhbət yoxdur. Heç futbolçular arasında da heç kim bu haqda danışmır.
- Komanda artıq neçə vaxtdır ki, qələbə qazana bilmir. Bu gedişlə hara gedirsiniz?
- Düzdür, "Qarabağ"dan çox geri düşdük. Amma çempionat uzundur. Çalışacağıq ki, bu fərqi aradan qaldıraq. Bu, bizim üçün çətin olacaq. Ən çox ev oyunlarında xal itirdik. 7 xal böyük fərqdir. Amma əlimizdən gələni edəcəyik ki, fərqi aradan qaldıraq.
- Bəlkə Avroliqadakı uğursuzluq legionerləri həvəsdən salıb, ona görə oynamırlar?
- "Qəbələ" peşəkar komandadır, inanmıram ki, elə olsun.