9 noyabr - Dövlət Bayrağı Günü
ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının
birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi
altında veloyürüş keçirilib. Yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə
yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi
iştirak edib. Onların arasında Bakı-2015 ilk Avropa Oyunları Əməliyyat
Komitəsinin nümayəndələri də olub.
İştirakçılar
Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və
əksinə istiqamətdə hərəkət ediblər. 18 km-lik yürüş paytaxt sakinləri
tərəfindən böyük maraqla qarşılanıb. Veloyürüş başladığı yerdə - Dövlət Bayrağı
Meydanında başa çatıb.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən və birliyimizi əks etdirən yürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı günündə keçirilir.