"Kəpəz" Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Səbail"ə 0:4 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.
- Yay fasiləsində digər komandalar çempionata hazırlaşırdı. "Kəpəz" nə edib?
- Sıfırdan yığılan komandaya 1.5 ay bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.
- 360 dəqiqəyə qol yoxdur. Bu nə ilə əlaqədardır?
- Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.
- Toparlanmaq üçün zamana ehtiyacınız var dediniz. Vaxt dolana qədər qalacaqsınız "Kəpəz"də, yoxsa bezib gedəcəksiniz?
- Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada qalacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
- Transferlər üçün klubun pulu var?
- Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarır. Bir şey fikirləşib tapacaqlarına inanıram.
- Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansınız?
- Qətiyyən. "Kəpəz" tarixi klubdur. Çox uğurlar qazanıb. Bu, mənə bəs edir.
- Transferlər etməli olduğunuzu dediniz. Rəhbərlik yayda yatmışdı?
- Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.