Elşən MƏMMƏDOV
AFFA-nın 70 səhifəlik İnkişaf strategiyasını oxuyaraq tamamladım. Niyə məhz futbolun yox, AFFA-nın İnkişaf strategiyası? Hərçənd, mətnlə tanış olduqda futbolun inkişafı yollarından da bəhs olunur.
Əksər hissələri qəliz cümlələrlə ifadə olunmuş, bəzən qrammatik səhvlərə də yol verilmiş strategiyada diqqət çəkən bölümlər və maddələr mövcuddur. Amma hər bir bölümün geniş şəkildə müzakirəsinə və təhlilinə ehtiyac var.
Əsas cəlbedici hissə və təqdirəlayiq məqam Futbolun İnkişafı Mərkəzinin yaradılması barədədir. İnkişaf strategiyasında bu barədə nəzəri olaraq, xeyli məsələlər əksini tapıb. Amma praktikada tətbiqi imkanları, xüsusən, bütün bölgələr üzrə nə dərəcədə maddi-texniki şəraitin yaradılacağı sual doğurur. Çünki bunları etməyə böyük qüvvə və resurslar lazımdır.
Strategiyada bölgə futbolunun inkişafına da geniş yer ayrılıb.
Lakin əsas məsələ olan peşəkar futbol və xüsusən, milli komanda barədə çox az hissədə bəhs edilir. Baxmayaraq ki, AFFA kişilərdən ibarət yığmanın FIFA reytinqində 75-ci, qadın millimizin isə 50-ci olmasını hədəfləyir. Lakin bu hədəfə hansı yollarla nail olunacağı göstərilməyib. Halbuki hətta ən səviyyəli oyunçulara malik milli komandaların müxtəlif nüfuzlu yarışlarda uğursuzluqla üzləşməsi halları da mövcuddur.
Əlbəttə, uğura nail olmaq üçün piramidanın alt qatlarında görüləcək işlər sadalanır. Amma milli komandanın nəticələri həm də oyun fəlsəfəsindən, milli dəyərlərin nə dərəcədə aşılanmasından, daxili nizam-intizamdan da asılıdır. Bunun üçün rəhbərlik səviyyəsində də sərt qaydalar hökm sürməlidir.
Strategiyada o da qeyd olunur ki, hazırda Azərbaycanda 65 idman məktəbindən (UGİM) 5-nin futbol meydançası var. Əvvəla, bu məktəbin adı UGİM yox, UGİŞM - Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Digər tərəfdən, futbol meydançaları təkcə UGİŞM-lərdə deyil. Onlar Olimpiya İdman Komplekslərində, İdman Komplekslərində və digər idman qurğularında da mövcuddur. Bu qurğuların demək olar ki, hamısı ən azı minifutbol (futzal) meydançaları ilə təchiz olunub. Tribunaları da olan meydançalarda Azərbaycan I Liqası və II Liqasının oyunları keçirilir. Ona görə də "Futbolun inkişafı üçün müvafiq dövlət qurumları tərəfindən heç bir iş görülməyib" kimi fikir yaratmaq və "Cəfakeş AFFA-nın hansı çətinliklərlə üz-üzə qaldığı"nı manipulyasiya etmək doğru deyil.
Strategiyada AFFA-nın internet səhifəsinin müasirləşdirilməsi və azarkeşlərlə işin təşkilinə dair bölümlər yetərincədir. Amma media ilə əməkdaşlıq məsələləri barədə çox qısaca bəhs edilir. Halbuki futbolun təbliğatını mediasız, yalnız AFFA-nın rəsmi saytı hesabına aparmaq absurddur.
Beləliklə, mübahisəli və müzakirəyə açıq məqamlar yetərincədir. Bunları sosial şəbəkə və elektron poçt ünvanına göndərməklə işləri bitmiş saymaq olmaz. Yaxşı olardı ki, maraqlı tərəflərin iştirakı ilə geniş müzakirələr də təşkil olunsun.