Hazırda Rumniyanın UTA komandasının baş məşqçi postunda çalışan Mirça Rednik yerli FCSB klubunun Bakıda "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının VII tur matçından əvvəl fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, vaxtilə "Xəzər Lənkəran"da çalışmış 63 yaşlı mütəxəssis Ağdam komandasını yaxşı tanıdığını vurğulayıb.
"Azərbaycanlılar üçün "Qarabağ"ın nə demək olduğunu bilirəm. Bu komandaya çoxlu sərmayə qoyulub, 15 ildən çox staja malik baş məşqçisi (Qurban Qurbanov - red.) var. O, komandanı hazırlamağı bacarır", - deyən Rednik FCSB-nin sahibi Cici Bekaliyə söz atmağı da unutmayıb: "Ümidvaram ki, bizimlə oyuna yorğun çıxacaqlar. Amma Bekali ona nə lazım olduğunu bilir".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq. FCSB "Qarabağ"la görüşdən sonra yanvarın 26-da Rumıniya çempionatının oyununda UTA-nın qonağı olacaq.