
İspaniyanın "Barselona" və "Real Madrid" klublarının əfsanələri arasında oyun təşkil olunacaq.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma aprelin 13-də Meksikada keçiriləcək.
Bu, komandalar arasında cari mövsümdə dördüncü görüş olacaq. Oyun Toluka şəhərində 30 min tamaşaçı tutumuna malik "Nemesio Dies" stadionunda baş tutacaq.
Fillip Koku ilk dəfə "Barselona"nın əfsanələrinin formasını geyinəcək. Həmçinin matçda Andres İnyesta, Karles Puyol, Rivaldo, Rafael Markes, Xavyer Saviola, Xesus Anqoy, Fernando Navarro, Serxi Barxuan, Nolito, Roberto Trasorras və Frank de Bur iştirak edəcək. Komandaya Albert Ferrer rəhbərlik edəcək.
Qeyd edək ki, "Barselona" son dəfə "Real Madrid"in əfsanələri ilə 2024-cü ilin dekabrında qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.