
"Belə oyunlar ərəfəsində ajiotaj həmişə böyük olur. Çünki derbi sayılır. Bizi çox maraqlı qarşılaşma gözləyir".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIII tur matçı barədə danışarkən deyib.
Keçmiş kapitan Ağdam komandasından qələbəsini gözlədiyini bildirib: "Bu komandalar dəfələrlə qarşılaşıblar və Ağdam təmsilçisi daim çox yaxşı nəticələr göstərib. İnanıram ki, bu dəfə də belə olacaq. "Neftçi"yə uğurlar, amma qələbəni "Qarabağ" qazanacaq"!
Medvedevin sözlərinə görə, hazırda "Qarabağ"ın heyəti çox genişdir və hər kəs bu oyunda iştirak etmək istəyir: "Həftə ərzində görünən o idi ki, uşaqlar əsas heyətdə yer almaq üçün əzmkar işləyirdilər. Baş məşqçi Qurban Qurbanovun hansı heyətə güvənəcəyinin bizim üçün fərqi yoxdur. Meydana çıxan futbolçular dayanmayacaqlar, maksimumlarını ortaya qoyacaqlar. Biz buna əminik. Hesabdan asılı olmayaraq, "Qarabağ" "bir nömrə" oynayacaq, çoxlu sayda qol imkanları yaradacaq, müdafiədə isə diqqətli olacaq. Çünki komandanın nəyə qadir olduğunu bilirik".
36 yaşlı veteran futbolçu "Neftçi"nin çıxışına da diqqət çəkib: "Bu komanda artıq yavaş-yavaş özünə gəlir. Son qələbələr kollektivi daha da motivasiyalı edir, ruhlandırır. Bu gün hər bir komanda "Qarabağ"dan xal almaq istəyir. Çünki bu, onlar üçün böyük nəticə sayılır. Samir Abasovun çox impulsiv, ambisiyalı baş məşqçi olduğunu bilirik. Amma təkcə onun istəyi ilə deyil, əsas odur ki, yetirmələri nə edəcəklər. Ona görə də hər iki komandaya uğurlar arzulayırıq. Zədələr olmasın, ədalətli oyun ortaya qoyulsun".
Qeyd edək ki, fevralın 15-də "Neftçi Arena"da keçiriləcək oyun saat 19:00-da başlanacaq (Teleqraf).