
Futbol üzrə İspaniya La Liqasında "Osasuna" və "Real Madrid" komandaları arasındakı qalmaqallı oyunu idarə etmiş baş hakim Luis Montero işindən uzaqlaşdırılıb.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, bu qərarı İspaniya Kral Futbol Federasiyası (RFEF) UEFA ilə birlikdə qəbul edib.
Görüşün 39-cu dəqiqəsində referinin "kral klubu"nun futbolçusu Cud Bellingemi təhqirə görə meydandan qovması böyük rezonans doğurub. Yarımmüdafiəçinin özü söyüşdən istifadə etdiyini, lakin bunun baş hakimə ünvanlanmadığını bildirib.
Monteronun "Talentus Sport" şirkətində payının olduğu müəyyənləşib. Şirkət La Liqa, UEFA, RFEF, eləcə də İngiltərənin "Mançester Siti" və "Aston Villa", eləcə də Fransanın PSJ klubuna konsaltinq xidmətləri göstərib. Bu isə etika kodeksinə uyğun sayılmır.
RFEF referiyə qarşı araşdırmalara başlayıb. İşin hüquq şöbəsinə verilməsi üzə çıxdıqdan sonra Montero "Talentus Sport"la əlaqəli bütün izləri ləğv edib. O, həmçinin profilində şirkətin də adının göstərildiyi sosial şəbəkədəki hesabını silib.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.