
AFFA Hakimlər Komitəsinin elit hakimlər siyahısında göstərilən Kamranbəy Rəhimovun 11 aya yaxındır Azərbaycan Premyer Liqasındakı heç bir oyuna baş hakim kimi təyinat almamasının səbəbi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a komitənin sədri Frank De Bleker eksklüziv açıqlama verib.
Belçikalı sabiq FIFA referisi bildirib ki, Rəhimov yay hazırlıq dönəmində fitnes-test normativini verə bilmədiyi üçün oyunlara referi qismində təyinat almır: "Biz bu testlərə çox ciddi önəm veririk. İstər fiziki testlər olsun, istərsə də nəzəriyyə baxımından. Yəni, imtahanlardan uğurla keçə bilməyənlər təyinat almırlar".
Teleqraf xatırladır ki, Kamranbəy Rəhimov sonuncu dəfə ötən mövsüm - 31 mart 2024-cü ildə "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları arasında keçirilmiş XXVIII tur qarşılaşmasında referi kimi meydana çıxıb. Həmin görüşdə o, Naxçıvan təmsilçisinin qapısına şübhəli penalti təyin edib. Ciddi etirazlar doğuran bu qərar nəticəsində "Sumqayıt" penalti qolu ilə qələbə qazanıb - 1:0. Həmin vaxt AFFA Hakimlər Komitəsinin sədri türkiyəli Barış Şimşek idi.
Bu oyundan sonra Rəhimov Premyer Liqaya yalnız dördüncü hakim kimi təyinatlar alıb. Özü də o, ötən mövsümün qalan hissəsində və bu mövsümün birinci yarısında cəmi 4 görüşdə hakimlər briqadasının tərkibində olub. Cari mövsümün ikinci yarısından başlayaraq, Rəhimov 5 turun hamısında dördüncü hakim funksiyasını yerinə yetirib.