
“Rəqibi təbrik edir və uğurlar arzulayıram. Oyundan çox da danışmaq istəmirəm. Gedişatı özünüz gördünüz. İnanıram ki, həm hakimlərlə, həm də oyunla bağlı məqalələriniz çıxar. Mənim gördüyüm var. Sadəcə açıqlasam, cəza alacağam, ya da intriqaya səbəb olacam. Ona görə də sizin ədalətli təhlillərinizi gözləyirəm".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının baş məşqçisi Vaqif Cavadov səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis baş hakim Tural Qurbanovun idarəçiliyindən narazılıq, komandasından isə razılıq ifadə edib: "Yenə də komandamı təbrik edirəm. Belə oyunla da ancaq irəli… Təhlili özünüz edin. Son 10 dəqiqəyə nəzər yetirin. Hansı meydançada hansı qərarlar verildi. Bizim yüz faizlik penaltimizi vermədilər. Hakimlərlə bağlı danışmaq istəmirəm. Özünüz də gördünüz ki, oyun baxımından “Sumqayıt” daha yaxşı idi. Lakin yararlana bilmədik. 80-ci dəqiqəyə qədər olan epizodlar bizim lehimizə idi. Hava şəraiti də oyunumuza təsir etdi. Amma hər iki komanda üçün eyni idi. Bunu bilirdik. Bugünkü oyunda da komandam hər cəhətdən üstün idi. Sadəcə, 1 penalti oyunun taleyini həll etdi".
Cavadov ilk yarı ilə müqayisədə fasilədən sonra komandasının zəif təsir bağışlaması fikri ilə razılaşıb: "Sizinlə razıyam. Amma bygünkü oyuna görə. Yeni qoşulanlar, onların adaptasiyası var. Ona görə də onları yükləyə bilmirik. Fəqət, bu gün komanda 90 dəqiqə ərzində pressinq etdi".
Komandasının 9 oyundur qol vura bilməməsinə də münasibət bildirən baş məşqçi bunu cadu ilə əlaqələndirməsini bir zarafat adlandırıb: "Cadunu mən dilə gətirməmişəm. O yarı zarafat, yarı da emosiya ilə bağlı bir şeydir. Amma bugünkü oyunda VAR-da olan hakimlər belə müdaxilələr etmədi. Baxmayaraq ki, bəziləriniz deyəcəksiniz ki, uduzursunuz. Amma komandamdan və xüsusən, qış transferlərimin hamsından razıyam. Çempionat gərgin keçir. Ölkə kubokunda isə "Sabah"ı 1/4 finalda üstələməyimiz ilk oyuna baxdıqda, mümkündür. Kim hazır olacaqsa, o da turu keçəcək. İnanıram ki, kubok matçında hər şey yaxşı olacaq".
Cavadov sonuncu pilləyə enməyəcəklərini bir daha vurğulayıb: "Biz hara düşürük? “Səbail”in 16 xalı var. Gəlin, intriqa yaratmayaq. Bəli, aşağıya yuvarlanırıq. Amma sonuncu pilləyə düşmürük".
Həşim MƏMMƏDOV