
İtaliyanın "İnter" klubu yaşlı futbolçularından bir neçəsi ilə yollarını ayıra bilər.
Sportnet.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "neradzurri" yarımmüdafiəçi Henrix Mxitaryan, müdafiəçilər Françesko Açerbi və Matteo Darmian kimi oyunçuları ilə müqaviləyə xitam vermək istəyir.
A Seriyasının son qalibinin heyətinin orta hesabla yaşı 30-u keçdiyindən, komandanın rəhbərliyi heyəti gəncləşdirmək istəyir. Rəhbərlik iyunda ABŞ-də keçiriləcək klublararası dünya çempionatından öncə açılacaq transfer pəncərəsinin bunun üçün uyğun zaman olduğunu hesab edir.
Hər üç futbolçunun Milan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulsa da, sözləşmələrə 2025-ci ilin yayında təzminat qarşılığında xitam verilə bilər.
Qeyd edək ki, Henrix Mxitaryanın bu yaxınlarda 36 yaşı tamam olub. 2022-ci ilin yayından "İnter"in formasını erməni futbolçu cari mövsüm ərzində meydana çıxdığı 32 oyunda cəmi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.