
İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk görüşü keçirilib.
Sportnet.az xəbər verir ki, "Barselona" "Olimpik Lüis Kompanis" stadionunda "Atletiko"nu qəbul edib.
Baş hakim Alexandro Ernandesin idarə etdiyi oyun 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Artıq 1-ci dəqiqədə "Atletiko"nun argentinalı hücumçusu Xulian Alvares hesabı açıb. Bundan 5 dəqiqə sonra fransalı forvard Antuan Qrizmann fərqi artırıb.
Bundan sonra "Barselona" ardıcıl 4 qol vurub. 19-cu dəqiqədə cinah yarımmüdafiəçisi Pedri, 20-ci dəqiqədə müdafiəçi Pau Kubarsi, 41-ci dəqiqədə isə daha bir arxa xətt oyunçusu İnyiqo Martines fərqlənərək, ilk yarını komandanın xeyrinə dəyişib.
İkinci hissədə meydana daxil olan "Barsqa"nın ən yaxşı bombardiri Robert Levandovski 74-cü dəqiqədə Lamin Yamalın ötürməsini layiqincə dəyərləndirib.
"Atletiko" sona doğru bərabərliyi təmin etməyi bacarıb. 84-cü dəqiqədə xavbek Markos Lyorente, 90+2-ci dəqiqədə isə norveçli forvard Aleksandr Sörlot qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.
Cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.
Qeyd edək ki, digər yarımfinal cütündə "Real Madrid" və "Real Sosyedad" komandaları üz-üzə gələcək. Oyunlar fevralın 27-də və aprelin 1-də olacaq.