
"Zirə" klubunun futbolçusu Salifu Suma Türkiyənin "Fənərbağça" klubunun maraq dairəsinə düşüb.
Sportnet.az İmedias nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin transfer əməliyyatı yekunlaşmaq üzrədir. Azərbaycan təmsilçisi qvineyalı vinger üçün 800 000 avro qiymət qoyub.
Oyunçuya yaxın mənbə bildirib ki, Türkiyə klubu ilə müqavilənin bağlanılma ehtimalı yüksəkdir: "İlkin təmaslar transfer əməliyyatının davamı istiqamətində müsbət nəticə verib. Klub "Zirə"nin tələb etdiyi 800 000 avronu ödəməyə hazırdır. Müqavilə məsələlərini mövsümün sonunadək yekunlaşdırmaq üçün danışıqları davam etdiririk".
Qeyd edək ki, Salifu Sumanın "Zirə" ilə müqaviləsi 2027-ci ilin iyununadəkdir. Onunla Bolqarıstanın MOİK (Sofiya) klubu da yaxından maraqlanır.