
Azərbaycan Premyer Liqasının XXVII turunun “Araz-Naxçıvan” – “Şamaxı” (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Maraqlı, dinamik oyunun şahidi olduq. Oyunu iki hissəyə bölərdim. İlk hissə bizim, ikinci yarı isə rəqibin üstünlüyü ilə keçdi. 1 xal qazandıq. Hər iki komandanın qalib gəlmək şansı var idi. Yaxşı istirahət edib, hazırlıqlarımızı davam etdirməliyik.
– Hissələr arasında belə fərqin olması komandanın hazırlığıyla bağlıdır?
– Ümumi hazırlıqla bağlamazdım. Kuboka görə əlavə 2 oyun keçirmişdik. Ona görə yorğunluq ola bilərdi. Heyət geniş deyil, zədəlilərimiz var deyə çox da rotasiyalara gedə bilmirik. Bu futbolun içində olan detallardır. Üstündə dayanmaq istəmirik.
– Ramon Maçado ehtiyatda olsa da, oyuna çıxmadı. “Neftçi” ilə matçda onu meydanda görə bilərik?
– Ümid edirik. Əfsuslar olsun ki, zədəli, cəzalı 7 oyunçumuz var. Onlar qayıtdıqdan sonra daha yaxşı olacaq.
– Milliyə “Araz-Naxçıvan”dan heç bir futbolçunun çağırılmaması sizin üçün təəccüblü olmadı?
– Ümumi şərh vermək istəmirəm. Seçim millinin baş məşqçisinindir. Amma heyətimizdə də yaxşı yerli futbolçular var. Üzərlərində daha çox işləyib çalışmalıdırlar ki, milliyə layiq olduqlarını göstərsinlər.
– Qara Qarayevin hazırkı durumu milliyə çağırılmamasına əsas verir?
– Bu oyunu çıxmaq şərtiylə, Qara hər oyun meydanda olub. 90 dəqiqə yaxşı tempdə, eyni səviyyədə oynamağa gücü çatır. Niyə çağırılmır, mən də bilmirəm. Heyətimizdə milli səviyyəsində yerli futbolçular var.
– Qış fasiləsinə qədər “Qarabağ” istisna, ən az qol buraxan kollektiv idiniz. Bu gün qol buraxmaqla, “Zirə”dən geri düşdünüz. Müdafiədə belə zəifləməni nə ilə bağlayırsınız?
– Deməzdim ki, zəifləmişik. Amma sıxıntı yaşayırıq. Bu oyunda 7 futbolçumuzun kənarda qalması… Ehtiyat qüvvəmiz də yoxdur. Ümidliyik. Bu fasilə bizə lazım idi. Yaxşı bərpa dövrü keçib, son dövrəyə addımlamaq önəmlidir.