
İsrail milli komandasının sabiq futbolçusu Yossi Benayunun evinə naməlum şəxs qumbara atıb.
Sportnet.az-ın məlumatına görə, silahlı hücum Ramat-ha-Şaron şəhərində axşam vaxtı baş verib.
Keçmiş yarımmüdafiəçi həmin vaxt ailəsi ilə birlikdə evdə olub.
Motosikletçi binaya yaxınlaşaraq, həyətinə qumbaranı tulladıqdan sonra hadisə yerindən qaçıb. Nəticədə baş verən yanğını yanğınsöndürənlər söndürüblər. Heç kim xəsarət almasa da, əmlaka zərər dəyib.
Polis baş verənləri terror aktı kimi yox, cinayət məqsədli hücum kimi dəyərləndirib.
Benayunun özü də qumbaranın onun evinə səhvən atılmasına şübhə etmədiyini bildirib: "Əvvəlcə düşündüm ki, qaz balonu partladı. Yanğınsöndürənlər çağırdıq. Polis qumbara izləri aşkarladıqda əslində nəyin baş verdiyini anladıq".
Qeyd edək ki, Yossi Benayun futbolçu karyerasını 2019-cu ildə başa vurub. O, İngiltərənin "Çelsi" komandasının heyətində 2013-cü ildə UEFA Avropa Liqasının qalibi olub. Benayun İsrail yığmasında oyun sayında rekordçudur.