
UEFA Gürcüstanın Futbol Federasiyasına (GFF) cəza tətbiq edib.
Sportnet.az-ın yerli bürosu xəbər verir ki, bu barədə GFF-dən bildirilib.
UEFA-nın İntizam komitəsinin qərarına əsasən, Gürcüstan-Ermənistan matçında baş vermiş insidentə görə bir matç tamaşaçılarsız keçiriləcək və federasiya 40 min avro məbləğində cərimə ödəyəcək.
Federasiyanın cəzalandırılmasına səbəb oyundan sonra azarkeşlərin stadiona çıxması, lazer işıqları və pirotexniki vasitələrdən istifadə, həmçinin çıxışların bloklanması olub.
GFF-dən qeyd olunub ki, cəza UEFA-nın intizam yurisdiksiyasına aid olan yarışlara şamil edilir. Müvafiq olaraq, cəza yoldaşlıq oyunları və ya payızda keçiriləcək 2025-ci il üzrə dünya çempionatının seçmə oyunlarına şamil edilmir.
Qeyd edək ki, GFF-nin cəzalandırılmasına səbəb olan insident martın 23-də Tbilisidə “Dinamo Arena” stadionunda keçirilmiş oyunda baş verib. Matçda Gürcüstan yığması Ermənistanı 6:1 hesabı ilə məğlub etmişdi.