
"Legioner limitinin ləğvi yerli oyunçuların keyfiyyətcə daha yuxarı çıxmasına səbəb olacaq".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yerl futbolçular rəqabətdə uduzacaqsa, əsas heyətə düşə bilməyən oyunçularla hansısa uğurlara imza atmaq mümkünsüzdür: "Bu səbəbdən, limitin ləğvinin komandamızı daha irəli aparacağını düşünürük".
Nəcəf 2028-ci il Avropa çempionatının final mərhələsinə vəsiqəni əsas hədəf kimi müəyyənləşdirdiklərini söyləyib: "Seçmə mərhələdə 3 - 5-ci yerləri tutmağı istəməzdik, final mərhələsinə vəsiqəni nəzərdə tuturuq. Əvvəllər əldə olunanları uğur adlandırmaq olmaz.
Son 2 oyunda milliləşdirilmiş futbolçuların sayı azalmışdı, futbolçuların orta yaş həddi isə 24 idi. Fernandu Santuşla müzakirəmiz olub. Qısa müddətdə daha ürəkaçan nəticələrin əldə olunmasını istəmişik.
Ümid edirik ki, iyundakı yoldaşlıq görüşlərində nəticələr müsbət olacaq. Yoldaşlıq görüşlərindən əvvəl media nümayəndələrinin də məşqlərdə iştirakını istərdik. Bu istiqamətdə baş məşqçi ilə danışacağıq. Biz belə bir şəraiti yaratmağa hazırıq. Baş məşqçinin oyuna yanaşmasını jurnalistlərin də görmələrini, onların müvafiq təkliflər vermələrini istərdik".