
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.
Sportnet.az xəbər verir ki, bu ada Lautaro Martines (“İnter”, İtaliya), Seru Girassi (“Borussiya Dortmund”, Almaniya), Usman Dembele (PSJ, Fransa) və Deklan Rays (“Arsenal”, İngiltərə) iddia edir.
Martines Almaniya "Bavariya"sı ilə matçda (2:2) komandasının ilk qolunu vurub, Girassi İspaniya "Barselona"sı ilə qarşılaşmada (3:1) het-trik edib.
Dembele İngiltərə "Aston Villa"sı ilə oyunda (2:3) məhsuldar ötürmə verib. Rays isə İspaniya “Real Madrid”i ilə görüşdə (2:1) yüksək performans nümayiş etdirib.
Qeyd edək ki, həftənin futbolçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.