
“Sponsor olsaydı, komandamız avrokuboklar uğrunda mübarizə apara bilərdi? Burada sponsorun fikri önəmlidir. Ayxan Abbasovun fikri ilə olsa, oynamaq olar”.
Sportnet.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Oyun stresli, maraqlı və sürətli başladı. Evdə oynayırdıq, azarkeşlərimizin dəstəyi möhtəşəm idi. İlk növbədə, onlara təşəkkür edirəm. İstədiyimiz qələbə idi, amma gördük ki, çətin oldu. “Kəpəz” də yaxşı mübarizə apardı. Açıq futbol gedirdi".
Abbasovun sözlərinə görə, bundan sonra oyunları yüksək motivasiyada keçirmək lazımdır: "Şansımız var ki, yuxarı pillələrə qalxaq. Gələcəyimiz üçün vacibdir ki, stabil oynayaq, gənc futbolçularımız inkişaf etsinlər. Futbolçularımın zəif, yaxud güclü oyununda da inanırdıq ki, “Şamaxı” bu il istəyinə çatacaq. Gələn mövsüm daha yaxşı olmaq üçün bu oyunlar vacibdir. Növbəti oyunlara baxacağıq”.
Abbasov bir hücumçu ilə çempionatda oynamağın böyük risk olduğunu dilə gətirib: "Xallar başqa cür olsaydı, bizim üçün çox çətin olardı. Hansısa taktiki dəyişiklik edə bilərik. Ola bilər ki, gənc futbolçu Elmar Məmmədova şans verək. Bəlkə də Maykl Tuiki əvəzləməyə gecikdik. Brahim Konate ilə Tuikin sarı vərəqəsi var idi. Nə isə fikirləşəcəyik. Zatən fikirləşə-fikirləşə gəlib bura çatmışıq. Digər komandalarda olan gənc futbolçularla maraqlanırırıq”.
A. Abbasov növbəti tur Tovuz səfərinə hazırlıqlardan da söz açıb: “Turan Tovuz"un motivasiyası yüksəkdir. Evdə oynayırlar, 3-cü yer şansları var. Biz də daha yuxarı pillələrə çıxmaq imkanlarına malikik. Çox çətin oyun olacaq. "Turan Tovuz"la 3 matçımızın heç birində pis oynamamışıq. Yeni komanda olduğumuz üçün bəzi görüşlərdə yaxşı oynasaq da, qələbə qazana bilmirdik, təcrübə yox idi. Tovuz səfəri daha çətin olacaq.
Meydanda kim olacaqsa, əlindən gələni edəcək. Futbolçularıma inanıram”.
Baş məşqçi legionerlərlə yeni müqavilə barədə danışıqlar apardıqlarını açıqlayıb: “Bizdə Vladislav Veremeyev və birə neçə futbolçunun müqaviləsi gələn mövsüm bitir. Bir neçə futbolçumuzun müqaviləsi davam edir. Rikardo Fernandeslə müqaviləni uzatmışıq. Digər oyunçularla da danışıqlar aparırıq.
Bəzi futbolçuların təklifləri var, dəyərləndirirlər. Bizim də büdcəmiz bəllidir. Bu il ən az büdcə bizdə idi. Bizdən başqa hamının rəsmi də olmasa, dəstəyi var. Gələn mövsümkü büdcəni gözləyirik.
Gənc futbolçularla danışırıq. Bəzi mövqelərdə gənclərə inana bilərik. Tək uğurumuz Premyer Liqada qalmaq deyil, gənclərə də şans vermişik. Bu gün Elmar nəinki Premyer Liqada, heç əvəzedicilərdə də oynamamışdı. Onlara şans verərkən riski gözümüzün qabağına gətiririk”.
Ayxan Abbasov I Liqanın "İmişli" - "Qəbələ" matçını izləməsi barədə də fikir bildirib: “Çox oyunlara gedirəm. Əvəzedicilərin matçlarında media olmadığından, getməyim bilinmir. I Liqanın vacib matçı idi. Çox maraqlı oyun oldu. "Qəbələ"də gənc futbolçular var ki, onları iş başında görmək istəyirdim.
Onları növbəti toplanışa çağırmaq istəyirəm. Yaya qədər milli üçün seleksiyamız davam edəcək. Hər kəsi izləyəcəyəm. Həm də gələcək rəqiblərimizdir, Premyer Liqaya qayıdırlar”.
Qeyd edək ki, “Şamaxı” 31 oyundan 34 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.