
Özbəkistan millisinin futbolçusu Abdukodir Xusanov yay transfer pəncərəsində İngiltərənin "Mançester Siti" komandasını tərk edə bilər.
Sportnet.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisi 21 yaşlı müdafəçinin daha çox oyun təcrübəsi əldə etməsi üçün icarəyə göndərmək imkanını nəzərdən keçirir.
Xusanov fevralda "şəhərlilər"in ən yaxşı futbolçusu seçilsə də, sonradan əsas heyətdəki yerini itirib.
“Mançester Siti” rəhbərliyi və komandanın baş məşqçisi Pep Qvardiola hesab edir ki, müvəqqəti olaraq başqa kluba keçid Xusanovun Avropa futbolunun tələblərinə daha yaxşı uyğunlaşmasına kömək edəcək.
Əvvəllər İspaniyanın "Barselona" klubunun özbək oyunçu üçün "Mançester Siti"yə 40 milyon avroluq təklif göndərdiyi bildirilirdi.
Qeyd edək ki, Abdukodir Xusanov qış transfer pəncərəsində Fransa "Lans"ından 40 milyon avro qarşılığında transfer olunub. O, yeni komandasında meydana çıxdığı 9 oyunda 1 qolla yadda qalıb.