
İspaniyanın "Barselona" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu elektrik enerjisi probleminə görə təxirə salınmayacaq.
Sportnet.az xəbər verir ki, İspaniyanın milli elektrik şəbəkəsini idarə edən “Red Eléctrica” şirkəti enerji kəsintisindən sonra bərpa işlərinin gedişi barədə məlumat yayıb.
Aprelin 28-də səhər saatlarından İspaniyada, həmçinin Portuqaliya, Fransa və Andorra ərazilərinin bəzi hissələrində genişmiqyaslı elektrik enerjisi kəsilməsi baş verib.
Kəsilmənin səbəbi araşdırılır. Əvvəllər kiberhücum ehtimalı irəli sürülürdü. Səlahiyyətli qurumlar isə bildirir ki, işıqların sönməsinə nadir atmosfer hadisəsi səbəb olub. İspaniyada fövqəladə vəziyyət rejimi elan edilib.
“Red Eléctrica” şirkətinin məlumatına görə, İspaniyada elektrik enerjisi təchizatının 99,95 faizi bərpa edilib. Beləliklə, Çempionlar Liqasının ilk yarımfinalında “Barselona” - “İnter” matçı planlaşdırıldığı vaxtda keçiriləcək.
Qeyd edək ki, oyun 30 aprel saat 23:00-da başlayacaq.