
Elşən MƏMMƏDOV
Azərbaycan futbolunda bir ənənə formalaşıb: Kimin 5 manat artıq pulu oldu, qaçır xaricdən baş məşqçi gətirməyə.
Pulu olmayanlar isə başlayırlar yerlilərlə bazarlığa. Qiyməti öldürürlər, öldürürlər, nəhayət, onların arasında kim ucuz məbləğə razılaşsa, gətirib qoyurlar komandanın başına.
Ona görə də siz heç vaxt "Sabah" klubunun yerli baş məşqçi gətirəcəyini gözləməyin. Bir "səhv" idi etmişdilər, təzə-təzə başlayanda Arif Əsədovu, Elşad Əhmədovu gətirmişdilər. Sonradan torbasını tikib keçdilər xaricilərə. Hərəsini də çox yox, orta hesabla 3-4 ay işlədib göndərdilər. Bircə Murad Musayevi çox saxladı "bayquşlar". O da "Qarabağ"a 1:7 hesabı ilə uduzan kimi çıxıb getdi.
Bu işlərə klubun Müşahidə Şurasının üzvü İqor Ponomaryov da mat-məəttəl qalıb, müşahidədən başqa əlindən bir iş gəlmir. Arada gedir "Turan Tovuz"un bazasının açılışında, Tbilisidə Aleksandr Çivadzenin yubileyində fikirini dağıdır gəlir.
"Turan Tovuz" Ayxan Abbasovu göndərib, Kurban Berdıyevi gətirdi. Nə qədər xərc çəkdi, pul tökdü, axırda da qaldı elə "Sabah"ın Azərbaycan Kubokunun finalında uduzmasından asılı vəziyyətdə. Yəni, avrokuboka karyerası Rusiya ilə bağlı iki baş məşqçidən biri gedəcək: Ya Vasili Berezutski, ya da Kurban Berdıyev.
Samir Abasovdan Samir Abasovadək olan 2 illik dövrdə "Neftçi" kimləri gətirib-göndərmədi? Laurentsiu Regekampf Anamaria Prodandan boşandığı üçün, Adrian Mutu isə anası dünyasını dəyişdiyi üçün "Neftçi"dən getdi. Bircə Miodraq Bojoviç avrokuboku "Sabah"a "qapdırdığı" üçün qovuldu.
Hələ bilmək olmaz gələn mövsümə yenə Samir Abasovla başlayacaqlarmı?
"Sumqayıt"ın əlinə bir az pul düşmüşdü, gedib gətirmişdi belaruslu Aleksey Baqanı. Az keçmədən pulları da BAQAjına yükləyib göndərdilər. Yenə də pulları çoxalır. Gətirəcəklər hansısa əcnəbini. Gənc və perspektivli Vaqif Cavadov da "Mənə dəstək verin" deyə-deyə imdad diləyəcək.
Zaur Axundovun əvvəlki kimi pulu olsaydı, neynirdi Elmar Baxşıyevi və ya futzal millisindəki Vitali Borisovu? Minimum Joze Alesio yanında da 5 braziliyalı futzalçı ilə harda olsa, hərlənib-fırlanıb gələcəkdi.
Ortada kimlər qaldı? Yetim "Şamaxı" və Kəpəz". Onlardan da "Kəpəz" təzə sponsor tapıb, komandanın baş məşqçisi ola-ola yenisini axtarmağa başlayıb. Özü də kimi? Əlbəttə, əcnəbilərdən birini.
Hər şeyin başında da Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dayanır. Yıldırım Demirörənin "Beşiktaş"dan qovdurduğu, təzminatını isə Azərbaycandan Misli vasitəsilə ödətdirdiyi Santuş!