
UEFA Çempionlar Liqasında daha bir finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, PSJ komandası yarımfinal mərhələsində İngiltərədə 1:0 hesabı ilə məğlub etdiyi "Arsenal"a Fransada da qalib gəlməyi bacarıb - 2:1.
Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş cavab görüşündə hesabı 27-ci dəqiqədə meydan sahiblərinin ispaniyalı yarımmüdafiəçisi Fabian Ruis qarşısıalınmaz zərbə ilə açıb.
69-cu dəqiqədə braziliyalı orta sahə oyunçusu Vitinya 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. "Arsenal"ın ispaniyalı qapıçısı David Raya onun zərbəsini dəf etməyi bacarıb. Bununla belə, 72-ci dəqiqədə mərakeşli müdafiəçi Əşrəf Hakimi əks-hücumu qolla tamamlamağı bacarıb.
"Arsenal"ın təsəlli qolunu isə 76-cı dəqiqədə ingiltərəli yarımmüdafiəçi Bukayo Saka vurub.
Beləliklə, PSJ bu gün 55 yaşı tamamlanan baş məşqçi Luis Enrikenin yubileyində adını ikinci dəfə Çempionlar Liqasının finalına yazdırıb. Paris komandası daha əvvəl 2020-ci ildə analoji nailiyyətə imza atıb. Həmin vaxt Fransa klubu həlledici qarşılaşmada Almaniya "Bavariya"sına uduzub - 0:1.
Bu dəfə isə mayın 31-də məhz "Bavariya"ya məxsus "Alyans Arena"da keçiriləcək final matçında PSJ İtaliya "İnter"i ilə qarşılaşacaq.
Qeyd edək ki, "inter" yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda əlavə vaxtda üstələyib - 4:3, 3:3.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab görüşü
23:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 2:1
Qollar: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 - Bukayo Saka, 76
İstifadə olunmamış penalti: Vitinya, 69 (PSJ)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun - 1:0.