
"Neftçi"nin sabiq futbolçusu, hazırda Macarıstanın "Ferentsvaroş" klubunun şərəfini qoruyan Mateus Saldanya uğurlu statistikaya nail olub.
Sportnet.az xəbər verir ki, braziliyalı hücumçu Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) 50 liqada ən azı 900 dəqiqəni meydanda keçirmiş oyunçuların hər matçda vurduğu qol və ötürmə nisbətlərinin araşdırmasında Almaniyanın "Bavariya" klubunun ulduz oyunçusu Harri Keyni keçib.
Saldanya 1,21 orta göstərici ilə ilk "onluq"da, siyahının 9-cu pilləsində qərarlaşıb.
26 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çempionluğu təmin etmiş "Liverpul"un misirli qolçusu Məhəmməd Salahdan (1,25) bir qədər geridə qalıb.
Sıralamaya Fransa PSJ-sinin üzvü Usman Dembeleni qabaqlayan Serbiyanın “Srvena Zvezda” komandasının futbolçusu Aleksandar Katai başçılıq edir.
Portuqaliyanın "Sportinq" klubunun bombardiri Viktor Dyökereş ilk "üçlüy"ü qapayır.
Qeyd edək ki, Mateus Saldanya 2023-cü ilin yanvarından iyuluna qədər "Neftçi"nin futbolçusu olub.