
İspaniyanın "Real Madrid” komandasının yeni baş məşqçisi Xabi Alonso iki futbolçunu sərəncamında görmək istəyir.
Sportnet.az COPE nəşrinə istinadən xəbər verir ki, Alonso klub rəhbərliyindən oyun üslubuna görə keçmiş hücumçu Xoseluya bənzəyən forvardın transferini xahiş edib.
44 yaşlı mütəxəssis ucaboylu mərkəz hücumçusuna (“doqquz nömrə”) ehtiyac duyur. O, hava mübarizələrində qalib gəlməyi bacaran və əvəzetmədən meydana çıxsa belə, Xoselu kimi müntəzəm qol vurmağa qadir oyunçu istəyir.
Bundan əlavə, Alonso “Real Madrid"in yetirməsi olan argentinalı yarımmüdafiəçi Nikolas Pası komandaya qaytarmağı planlaşdırır. Xatırladaq ki, Pas ötən yay 6 milyon avroya İtaliyanın “Komo” klubuna satılmışdı. Futbolçu A Seriyasında keçirdiyi 33 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Real Madrid” 2025-ci ildə keçiriləcək Klublararası Dünya Çempionatından sonra yeni yarımmüdafiəçi və hücumçu transfer etməyi planlaşdırır. Turnirə qədər isə klub sol və mərkəz müdafiəçisi ilə yanaşı, İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Trent Aleksander-Arnoldla müqavilə bağlamağı hədəfləyir.