
AFFA-nın prezidenti Rövşən Nəcəf aprelin 11-də keçirdiyi mətbuat konfransında beynəlxalq futbol qurumlarında Azərbaycan təmsilçilərinin sayını artırmaq məqsədlərinin olduğunu bildirib.
Sportnet.az xatırladır ki, milli assosiasiya rəhbəri hazırkı təmsilçi sayının azlığını, bu istiqamətdə fəaliyyətlərini gücləndirəcəklərini vurğulayıb.
Elxan Məmmədovun rəhbərlik etdiyi komitə özü ilə getdi
Hazırda beynəlxalq futbol qurumlarında ən yüksək postda AFFA-nın keçmiş icraçı vitse-prezidenti Elxan Məmmədov çalışır.
O, 2022-ci il mayın 1-də FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru, 2024-cü il noyabrın 1-də FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin olunub.
2019-cu ildə Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri seçilib. Bu, Bakıda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçirilmiş Avropa Liqasının final matçından əvvəl UEFA İcraiyyə Komitəsinin iclasında baş verib.
2022-ci il fevralın 24-də UEFA Avropa Konfrans Liqasında “Qarabağ”ın Fransa “Marsel”inə 0:3 hesabı ilə uduzduğu pley-off mərhələsinin cavab oyununda qeydə alınmış fair-play hadisəsi Məmmədovun təklifi ilə iclasın gündəliyinə daxil edilib və məsələ barədə fikir mübadiləsi aparılıb.
Hazırda Avropa futbol qurumunda bu komitə fəaliyyət göstərmir.
Kiçik "5-lik"
UEFA-nın baş katibi Teodor Teodoridisin üzv ölkələrin milli assosiasiyalarına göndərdiyi sirkulyar məktuba əsasən, Avropa futbol qurumunun 2023 - 2027-ci illərdə fəaliyyət göstərən çoxsaylı komitələrində Azərbaycanın cəmi 5 təmsilçisi var.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov Klub Yarışları Komitəsinin, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə Gənc və Həvəskar Futbolu Komitəsinin, AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Klubların Lisenziyalaşdırılması Komitəsinin, AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı Hüquq Komitəsinin, AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva isə Media Komitəsinin üzvüdür.
Könül Mehtiyeva hara, media hara?
İlk 4 şəxsin ölkə futbolundakı vəzifəsi UEFA-da müvafiq komitədə çalışmağa uyğun gəlsə də, Könül Mehtiyevanın Media Komitəsi üzvlüyü qeyri-adekvat görünə bilər. Xüsusən, o səbəbdən ki, Mehtiyevanın mediaya heç bir bağlılığı yoxdur, indiyədək media ilə əlaqədar hər hansı layihədə iştirak etməyib, bir dəfə də olsun, jurnalistlərə açıqlama verməyib. Hətta 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Teleqraf-ın müsahibə istəyini də geri çevirib.
Üstəlik, AFFA, klublar və ayrı-ayrı media orqanlarında xeyli peşəkarın çalışdığı bir vaxtda UEFA-nın müvafiq komitəsində idman jurnalistikasını bu sahəyə bağlılığı olmayan şəxsin təmsil etməsi qəribədir.
Müqayisə üçün qeyd edək ki, UEFA-nın Media Komitəsinin üzvləri sırasında olan Gürcüstan və Ermənistan təmsilçiləri müvafiq futbol federasiyalarında Media və Kommunikasiya Departamentinin rəhbərləridir.
Firuz Abdulla: "Media Komitəsində mətbuat xidmətinin əməkdaşlarının təmsil olunmaları şərt deyil"
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin ovaxtkı müdiri, hazırda "Səbail" klubunun icraçı direktoru vəzifəsində çalışan Firuz Abdulla Teleqraf-a bildirib ki, milli assosiasiyada çalışdığı müddətdə belə bir halın baş verdiyini xatırlamır: "Bu məsələ ilə bağlı dəqiq bir söz deyə bilməyəcəyəm. Çünki 2023-cü ildən "Səbail"də çalışmağa başlamışam".
F.Abdulla onu da əlavə edib ki, UEFA-nın müxtəlif komitələrində zaman-zaman AFFA-nın müxtəlif istiqamətlər üzrə nümayəndələri təmsil olunublar. O, Mehtiyevanın Media Komitəsi üzvlüyünün təəccüblü qarşılanması ilə razılaşmayıb: "UEFA-nın Media Komitəsinin sədri Armand Duka Albaniya Futbol Federasiyasının prezidentidir. Yəni, bu, o deməkdir ki, UEFA-nın həmin komitəsində mətbuat xidmətinin əməkdaşlarının təmsil olunmaları şərt deyil. Könül Mehtiyeva AFFA İcraiyyə Komitəsindəki vəzifəsindən əlavə, uzun illərdir AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin müdiridir. Yəni, istiqamət olaraq, beynəlxalq təşkilatda müvafiq departament rəhbərinin təmsil olunması o qədər də təəccüblü görünməməlidir. Amma dəqiq informasiyanı indiki AFFA nümayəndələri verə bilər".
Elnur Məmmədli: "Təəccüblü bir şey yoxdur"
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli isə Teleqraf-a açıqlamasında 2022-ci ildən AFFA-da çalışan Mehdiyevanın ən stajlı əməkdaşlardan biri olduğunu xatırladıb: "Könül Mehtiyeva hazırda Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri olmaqla yanaşı, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvüdür. Qeyd edim ki, Mehtiyeva 2023-cü ildən UEFA Media Komitəsində təmsil olunur. Həmin komitənin sədri Albaniya Futbol Federasiyasının prezidenti, eyni zamanda UEFA İcraiyyə Komitəsinn üzvü Armand Dukadır. Həmçinin Komitədə Litva Futbol Federasiyasının baş katibi, Niderland Futbol Federasiyasının prezidenti də təmsil olunur. Bir sözlə, Könül Mehdiyevanın orada olmasında təəccüblü bir şey yoxdur".
Komitələrdə yalnız üzvlük, paneldə Frank De Bleker
Ümumilikdə UEFA Komitələrində postsovet məkanı ölkələrindən Rusiya 10, Ukrayna və Gürcüstan hərəyə 7, Qazaxıstan 6, Azərbaycan, Belarus və Ermənistan hərəyə 5, Moldova və Litva hərəyə 4, Estoniya və Latviya hərəyə 3 nümayəndə ilə təmsil olunur.
Digər tərəfdən, Estoniya komitələrdə sədr və sədr müavini, Latviya sədr, Rusiya 2 komitədə sədr müavini, bir komitədə IV vitse-prezident, Gürcüstan 2 komitədə sədr müavini və digərində II vitse-prezident, Ukrayna və Moldova I vitse-prezident, Litva və Qazaxıstan II vitse-prezident səviyyəsində təmsil olunur.
Yalnız Azərbaycan, Belarus və Ermənistan komitələrdə adi üzvlüklə kifayətlənirlər. Lakin Ermənistanı bu ildən UEFA İcraiyyə Komitəsində Armen Melikbekyan təmsil etməyə başlayıb.
Komitələrdən əlavə, UEFA-nın panelləri də mövcuddur ki, burada Azərbaycanı heç kim təmsil etmir. Yalnız Hakimlərin İnkişafı Panelində AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker yer alıb. Amma o, Belçikanın təmsilçisi kimi göstərilib. Əvəzində Moldova və Rusiyanın hərəyə 3, Ukraynanın 2, Gürcüstan və Qazaxıstanın hərəyə 1 nümayəndəsi var.
Kim və harada?
Teleqraf postsovet məkanından olan ölkələrin təmsil olunduqları UEFA komitələri və panellərini təqdim edir:
Milli Assosiasiyalar Komitəsi
Sədr - Servet Yardımcı (Türkiyə)
Sədr müavini - Aleksandr Dyukov (Rusiya)
Üzvlər - Adilet Barmenkulov (Qazaxıstan), Kaxa Çumburidze (Gürcüstan), Armen Nikoqosyan (Ermənistan), Leonid Oleyniçenko (Moldova)
Maliyyə Komitəsi
Sədr - Devid Gill (İngiltərə)
İdarəetmə və Nəzarət Komitəsi
Sədr - Herbert Hübel (Avstriya)
Üzv - Polina Yumaşeva (Rusiya)
Hakimlər Komitəsi
Sədr - Roberto Rosetti (İtaliya)
Milli Komanda Yarışları Komitəsi
Sədr - Filipp Diallo (Fransa)
Sədr müavini - Levan Kobiaşvili (Gürcüstan)
Üzvlər - Maksim Mitrofov (Rusiya), Sergey Rebrov (Ukrayna)
Klub Yarışları Komitəsi
Sədr - Qabriele Qravina (İtaliya)
Sədr müavini - Aleksandr Dyukov (Rusiya)
Üzvlər - Asif Əsgərov ("Qarabağ", AZƏRBAYCAN)
Gənc və Həvəskar Futbolu Komitəsi
Sədr - Byorn Vassallo (Malta)
Sədr müavini - Ayvar Pohlak (Esoniya)
I vitse-prezident - Andrey Şevçenko (Ukrayna)
II vitse-prezident - David Muciri (Gürcüstan)
Üzvlər - Vladimir Bazanov (Belarus), Artur Qaydels (Latviya), Cahangir Həsənzadə (AZƏRBAYCAN)
Qadın Futbolu Komitəsi
Sədr - Anne Rey (Estoniya)
Üzvlər - Teni Avakyan (Ermənistan), Svetlana Qrinkeviç (Belarus), Mariya Suçkova (Rusiya)
Futzal Komitəsi
Sədr - Vadim Laşenko (Latviya)
Üzvlər - Sergey Butelski (Moldova), Ruben Nazaretyan (Ermənistan), Kayrat Orazbekov (Qazaxıstan), Sergey Sliva (Litva), Sergey Vladıko (Ukrayna)
HetTrik Komitəsi
Sədr - Karl-Erik Nilsson (İsveç)
Üzvlər - Pavlo Boyçuk (Ukrayna), Armen Melikbekyan (Ermənistan), Edqaras Stankeviçyus (Litva)
İnkişaf və Texniki Dəstək Komitəsi
Sədr - Zbiqnev Bonek (Polşa)
Sədr müavini - Levan Kobiaşvili (Gürcüstan)
Üzvlər - İrina Baranova (Rusiya), Raynhold Broy (Litva), Dmitri Kasenak (Belarus)
Klubların Lisenziyalaşdırılması Komitəsi
Sədr - Debbi Hüitt (İngiltərə)
Üzvlər - Roman Babayev (Rusiya), Elçin Məmmədov (AZƏRBAYCAN), Aleksandr Şevçenko (Ukrayna)
Stadion və Təhlükəsizlik Komitəsi
Sədr - Petr Fusek (Çexiya)
IV vitse-prezident - Aleksandr Alayev (Rusiya)
Üzvlər - Baqdat Kassenov (Qazaxıstan), Girts Krastinş (Latviya), Andrey Taran (Ukrayna), Sergey Jardetski (Belarus)
Tibb Komitəsi
Sədr - Tim Meyer (Almaniya)
Oyunçuların Statusu, Transferi, Agent və Matç Agentləri Komitəsi
Sədr - Kristian Andreasen (Farer adaları)
Üzvlər - Oljas Abrayev (Qazaxıstan), Sergey İlyiç (Belarus), İqor Popov (Moldova)
Hüquq Komitəsi
Sədr - Yesper Möller Kristensen (Danimarka)
Üzvlər - Akaki Aladaşvili (Gürcüstan), Daniil Savitski (Estoniya), Günay Zamanlı (AZƏRBAYCAN)
Marketinq Məsləhəti Komitəsi
Sədr - Yust Şpee (Niderland)
Üzvlər - Andrey Dudin (Qazaxıstan), Denis Solovyov (Rusiya)
Media Komitəsi
Sədr Armand Duka (Albaniya)
II vitse-prezident - Rita Baqdonyene (Litva)
Üzvlər - Otar Giorqadze (Gürcüstan - Mətbuat katibi), Giorgi Matevosyan (Ermənistan - Marketinq və Kommunikasiya Departamentinin rəhbəri), Könül Mehtiyeva (AZƏRBAYCAN)
Sosial və Ekoloji İnkişaf Komitəsi
Sədr - Laura Makallister (Uels)
II vitse-prezident - Kayrat Boranbayev (Qazaxıstan)
Üzv - Yekaterina Fedışina (Rusiya)
Futbol Komitəsi
Sədr - Borislav Mixaylov (Bolqarıstan)
I vitse-prezident - Pavel Çebanu (Moldova)
Üzvlər - Aleksandr İaşvili (Gürcüstan), Oleq Lujnı (Ukrayna)
Panellər
Administrativ Ekspert Paneli
Üzvlər - Vitali Danilçenko (Ukrayna), Adrian İksar (Moldova)
Kütləvi Futbol Paneli
Üzvlər - Diana Bulqaru (Moldova), Nikoloz Jqarkava (Gürcüstan), Aleksandr Kadenko (Ukrayna), Olqa Maşikova (Rusiya)
Layihələrin İdarəetməsi Paneli
Üzv - Gennadi Skurtul (Qazaxıstan)
Hakimlər Konvensiyası Paneli
Üzv - Vladimir Antonov (Moldova), Leonid Kaloşin (Rusiya)
Hakimlərin İnkişafı Paneli
Üzvlər - Frank De Blekere (Belçika - Azərbaycan), Nikolay Levnikov (Rusiya)