
Almaniyanın paytaxtı Berlində Türkiyə çempionu “Qalatasaray” klubunun azarkeşləri ilə toqquşma zamanı azı 33 polis əməkdaşı yaralanıb.
Sportnet.az xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
"Cim-Bom" azarkeşləri şəhər boyu avtomobil yürüşü keçirərək, sevimli klubunun çempionluğunu Braytşaydplats meydanında qeyd etməyi planlaşdırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sayı təqribən 2 500 nəfərə çatan insanların meydana axınına nəzarət etməyə çalışıblar. Yerli vaxtla axşam saat 21:30 radələrində bəzi pərəstişkarlar polislərin onlara gözyaşardıcı qazla hücum etmələrindən qəzəblənərək onların üstünə gediblər.
Bundan sonra polis azarkeşlərin kütləvi şənliklərini dayandırmaq qərarına gəlib və onları meydandan sıxışdırmağa başlayıb. Futbol azarkeşlərinin əksəriyyəti meydanı öz istəyi ilə tərk etsə də, bəziləri müqavimət göstərərək polisə şüşə, daş və fişəng ataraq, Fələstinə aid şüarlar səsləndiriblər.
Saat 23:00-a qədər meydanın təmizlənməsi başa çatıb. Təxminən eyni vaxtda kütləvi şənlik iştirakçılarından biri polis nümayəndəsinə bibər qazı vuraraq hücum edib. Xəsarət alan 33 polis əməkdaşından 4-ü xidməti vəzifəsini tərk etmək məcburiyyətində qalıb, 2-si isə tibbi yardıma müraciət edib.
Polis ümumilikdə 30 cinayət faktı qeydə alıb.