
UEFA Avropa Liqasında final oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, İspaniyanın Bilbao şəhərindəki "San Mames" stadionunda təşkil olunmuş görüşdə İngiltərənin "Tottenhem" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.
Almaniyalı baş hakim Feliks Tsvayerin idarə etdiyi matç "Tottenhem"in qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Brennan Conson vurub.
Bununla da "Tottenhem" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub və 2025/2026 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə əldə edib.
London təmsilçisi əvvəllər 1972 və 1984-cü illərdə UEFA Kubokunu, 1963-cü ildə Kuboklar Kubokunu qazanıb. Son illərdə isə "Tottenhem"in ən böyük uğuru 2019-cu ildə Çempionlar Liqasının finalı olub. Həmin vaxt "mahmuzlar" həlledici qarşılaşmada İngiltərənin daha bir təmsilçisi "Liverpul"a uduzub - 0:2.
Qeyd edək ki, "Tottenhem" bu mövsüm Avropa Liqasında ilk görüşünü 2024-cü il sentyabrın 26-da "Qarabağ"a qarşı keçirib. Londonda təşkil olunmuş matçda baş məşqçi Angelos Postekoğlunun komandası 7-ci dəqiqədə azlıqda qalmasına baxmayaraq, 10 futbolçu ilə 3:0 hesablı qələbə qazanıb.
---------------------
Bu gün UEFA Avropa Liqasında 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Sportnet.az xəbər verir ki, final oyununda İngiltərənin iki təmsilçisi - “Mançester Yunayted” və “Tottenhem” klublar qarşılaşacaq.
İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç almaniyalı referi Feliks Cvayerə həvalə olunub.
Qeyd edək ki, Avropa Liqasının son qalibi İtaliyanın “Atalanta” komandasıdır.
Avropa Liqası
FİNAL
23:00. "Tottenhem" (İngiltərə) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol: Brennan Conson, 42
Baş hakim: Feliks Tsvayer (Almaniya)
"San Mames" stadionu, Bilbao (İspaniya)