
Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev rus dilindən imtina etmək fikrində deyil.
Sportnet.az xəbər verir ki, bu barədə əslən azərbaycanlı yarımmüdafiəçi bloger Slava Dyominə müsahibəsində deyib.
40 yaşlı veteran futbolçu hərənin özünə rahat olan dildən istifadə etdiyini bildirib: "Əvvəllər kimsə rusca, kimsə də ukraynca danışırdı. Hərə özünə rahat olanı seçirdi. İndi saxta vətənpərvərlər hamıya hansı dildə danışmalı olduqlarını deyirlər. Onlar it kimi qaçıb, sonra bura qayıdıb, guya ukraynca danışdıqlarını göstərirlər".
Əliyev özünün rusdilli olduğunu vurğulayıb: "Bu dildə danışmağa davam edəcəyəm. Barəmdə deyilənlər məni maraqlandırmır. Həqiqətən də vecimə deyil. Cəbhədəki ukraynalı əsgərlərin yarısı rusca, yarısı isə ukraynca danışır. 25 ildir Ukraynada yaşayıram. Danışa bilməsəm də, ukraynca başa düşürəm".
O, rusiyalı sənətçiləri dinləmədiyini söyləyib: "Avtomobil sürərkən bəzi mahnıları aça bilərəm. Aydındır ki, bunu yüksək səslə etməyəcəyəm".
Qeyd edək ki, Aleksandr Əliyev karyerası ərzində Ukraynada "Dinamo Kiyev", Rusiyada isə "Lokomotiv Moskva" və "Anji" kimi məşhur klubların şərəfini qoruyub. O, Rusiyada terrorçular və ekstremistlər siyahısına əlavə edilərək axtarışa verilib.