
UEFA Fransanın PSJ klubunu İtaliya "İnter"inə qarşı Çempionlar Liqasının final matçında azarkeşlərinin davranışları ilə əlaqədar cəzalandıracaq.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, parisli fanatların pirotexnika yandırmaları Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"nı ciddi tüstü bürüməsinə səbəb olub.
Lakin meydanda görüntü qənaətbəxş olduğu üçün rumıniyalı baş hakim İştvan Kovaç görüşü dayandırmayıb.
Bundan başqa, PSJ qələbəni qeyd etdiyi vaxt azarkeşlər meydana daxil olublar. Nəticədə futbolçular paltardəyişmə otağına yollanmalı olublar.
Habelə, final ərəfəsində PSJ və "İnter" azarkeşlərinin iştirakı ilə bir neçə insident qeydə alınıb. Bununla əlaqədar İtaliya klubunun da cəzalanacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:0.