
"Santos"un futbolçusu Neymar Braziliya çempionatının 11-ci turunda evdə "Botafoqo"ya 0:1 hesabı ilə məğlub olduqları oyunda qırmızı vərəqə ilə meydandan qovulduğu üçün üzr istəyib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında yazıb.
Neymar matçın sonunda əli ilə qol vuraraq ikinci sarı vərəqə ilə meydandan qovulub. Əsas vaxtın bitməsinə 3 dəqiqə qalmış Arturun qolu "Botafoqo"ya qələbə qazandırıb.
"Qol vurmaq istəyi bəzən bizi səhvlərə vadar edir. Komanda yoldaşlarımdan, eləcə də azarkeşlərdən üzr istəyirəm. Səhv etmişəm, məni bağışlayın. Əminəm ki, meydandan qovulmasaydım, qalib gələcəkdik. İtirilən üç xalı mənim adıma yaza bilərsiniz", - deyə o bildirib.
Qeyd edək ki, Neymar qış transfer pəncərəsində "Santos"a qayıtdıqdan sonra meydana çıxdığı 12 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.