
Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Kanada seçməsi ilə bugünkü yoldaşlıq oyunundan öncə mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, 51 yaşlı mütəxəssis komandasında itkilərin olduğunu açıqlayıb.
O, Danilo Sikana son anda xarici pasport verilmədiyini bildirib: O, gəlmək istəyirdi. Sikanı əvəzləmək üçün vaxtımız çox deyildi. Bir neçə oyunçu onları çağırmamağımı xahiş etdi. Çünki həmin futbolçuların zədələri var və sağalmaq üçün vaxta ehtiyac duyurlar.
Bunlar Vitali Mikolenko və Artyom Dovbikdir. Hər ikisi çətin mövsüm keçirib. Bərpa olunmaları vacibdir. Andrey Yarmolenkoya gəlincə, ona hörmətim sonsuzdur. Lakin bu, dostluq oyunudur. Andreyin isə 35 yaşı var. Rəsmi matç olsaydı, Yarmolenkoya 100 faiz dəvət göndərəcəkdim”.
Baş məşqçi Kanada toplanışının əhəmiyyətindən də danışıb: "Biz bu yoldaşlıq görüşlərindən dünya çempionatının seçmə mərhələsinin çox vacib oyunlarına hazırlıq üçün istifadə etməliyik.
Zədəlilərdən başqa, çağırdığımız bütün oyunçular həvəslə gəliblər. Futbolçuların çox yaxşı əhval-ruhiyyədə olduğunu görürəm. İlk dəfə dəvət olunanlar bu çağırışa layiq idilər. Bu turnirdə heç kim bütün 180 dəqiqəni oynamayacaq. Hamı məşq etməlidir. Dünya çempionatının seçmə mərhələsinə digərlərindən gec başlamağımız çox yaxşıdır. Futbolçular artıq yaxşı formada olacaq, klublarımız avrokubokların ilkin mərhələlərinu oynayacaq, çempionatlar isə başlayacaq”.
Torontoda keçiriləcək Kanada - Ukrayna qarşılaşması Bakı vaxtı ilə saat 23:30-da start götürəcək. İyunun 10-da isə rəqib Yeni Zelandiya olacaq.
Qeyd edək ki, Ukrayna seçməsi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Komandalar arasında ilk oyun sentyabrın 9-u Azərbaycanda, ikinci görüş isə oktyabrın 13-ü Ukraynada təşkil olunacaq.