
Almaniyanın Münhen şəhərindəki "Allianz Arena"da Portuqaliya və İspaniya yığmaları arasında keçirilmiş UEFA Millətlər Liqasının finalında azarkeş tribunadan yıxılaraq ölüb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hadisə matçın əlavə vaxtında - hesab 2:2 olarkən baş verib.
Azarkeşin mərkəzi yarusdan mətbuat üçün nəzərdə tutulmuş zonaya düşdüyü bildirilir. Təcili yardım xidmətləri dərhal müdaxilə etsələr də, aldığı xəsarətlər səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.
UEFA-nın nümayəndəsi hadisəni təsdiqləyərək, matç zamanı bir azarkeşin həyatını itirməsinə təəssfləndiyini bildirib.
Olayla bağlı danışan İspaniya millisinin baş məşqçisi Luis de la Fuente deyib: “Bir azarkeşinin həyatını itirməsi ilə bağlı onun ailəsinə dərin hüznlə başsağlığı verirəm”,
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines isə hadisəni “son dərəcə kədərli xəbər” adlandırıb.
Tribunadan yıxılmanın dəqiq başvermə şəraiti hələlik məlum deyil.
Qeyd edək ki, Millətlər Liqasının final matçında Portuqaliya İspaniyanı penaltilər seriyasında məğlub edib - 5:3.