
Estoniyalı futbolçu Mihkel Aynsalu milli mənsubiyyətinə görə Rusiya klubuna transfer ola bilməyib.
Sportnet.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu barədə yerli mətbuata açıqlamasında deyib.
O, keçidinin 5 il əvvəl baş tutmadığını söyləyib:
"2021-ci ildə Rusiya Premyer Liqasında çıxış edən kluba qoşulmağa çox yaxın idim. Müqavilə xeyli yaxşı idi - maliyyə və liqanın səviyyəsi nöqteyi-nəzərindən hər şey çox cazibədar görünürdü. Ancaq geriyə baxanda bunun niyə baş vermədiyini başa düşürəm. Hər halda altı aydan sonra oradan ayrılacaqdım (Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının başlamasını nəzərdə tutur - red)".
Aynsalu aylıq maaşının yarısının klubun səlahiyyətli şəxsləri arasında bölünməsinə razılaşdığını bildirib: "Agentimlə klub arasında danışıqlar iki ay davam etdi. Onların danışıqlar prosesinin üslubu bir növ komediyadır. Mənə dedilər ki, maaş ayda 20 min avrodur. Bunlardan 10 mini sizə, 5 mini direktora, 3 mini məşqçiyə, 2 mini idman direktoruna çatacaq. Rəsmi olaraq belə edilir, çünki pulu prezident ödəyir. Mən isə dedim: “Fərqi yoxdur, 10 min mənə yaxşıdır, gəlirəm. Uçuşa iki gün qalmış klubun prezidenti mənə zəng edib dedi: "Qulaq as, Estoniyada yaxşı futbolçu yoxdur. Biz estonları götürmürük".
Aynsalu Rusiya klubundan təklifin necə gəldiyini də açıqlayıb: "Agentimin Rusiyada oynayan yaxşı dostu var idi və bu klubun məşqçisini tanıyırdı. Beləliklə, ortaq dil tapdılar. Məşqçi matçlarıma baxdı və məni çox bəyəndi. Prezident adətən transferlərə qarışmadığından bütün məsələləri başqa adam həll edirdi. Hər şey onun vasitəsilə həll olundu. Lakin prezident, nəhayət, bunu biləndə reaksiyası belə oldu: "Lənət olsun, estoniyalı, Estoniya pasportu - şans yoxdur. Biz bura belə oğlanları götürmürük”.
Qeyd edək ki, Mihkel Aynsalu hazırda Estoniyanın "Levadiya" klubunun futbolçusudur. O, Estoniya millisində 22 oyun keçirib, xaricdə isə Ukraynanın "Lviv" (2020), Danimarkanın "Helsinqer" (2021) və Niderlandın "Telstar" (2022-2023) komandalarında çıxış edib.