
"Kəpəz" komandasının 2025/2026 mövsümündə ev oyunlarını keçirəcəyi stadionla bağlı hələ qərar verilməyib.
Bu barədə Sportnet.az-a “sarı-göylər”in baş məşqçisi Adil Şükürov bildirib.
48 yaşlı mütəxəssis komandanın yenə “köçəri” həyat yaşayacağına işarə vurub: “Rəhbərlik bildirib ki, Gəncə şəhər stadionuna 2026-cı ildən tez köçmək alınmayacaq. Hazırda inşası davam edən stadionun nə zaman hazır olacağı dəqiq bilinmir”.
Şükürov ən yaxın ərazilərdəki stadionlardan birini icarəyə götürmək fikrində olduqlarını qeyd edib: “Stadion barədə rəhbərlik tərəfindən dəqiq qərar verilməyib. Yaxın ərazilərdən Yevlax şəhər stadionunun örtüyü süni, Tovuz şəhər stadionunda isə təbii örtüklə dəyişdiriləcək. Əvvəllər də oynadığımız Qəbələ şəhər stadionu ola bilər. Başqa variant da mümkündür. Qeydri-müəyyənlik olduğundan, bu barədə dəqiq bir söz deyə bilmirəm”.
Qeyd edək ki, 2023-cü ildə Gəncə şəhər stadionu yenidənqurma işləri ilə əlaqədar bağlanıb. “Kəpəz” ötən mövsüm rəqibləri Tovuz şəhər stadionunda qəbul edib.